Haqqında

Məlum olduğu kimi ölkəmiz Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. Belə ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan və bütün dünya üçün vacib əhəmiyyət daşıyan 17 məqsəd və 169 hədəfin icrasının, onlara dair 244 göstərici üzrə yüksək keyfiyyətli, aktual və etibarlı statistik məlumatların istehsalının kompleks yanaşma tələb etdiyi nəzərə alınaraq, ölkəmizdə səmərəli milli icra mexanizmi formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanına əsasən, Baş nazirin müavini cənab Əli Əhmədovun sədrliyi altında Dövlət Statistika Komitəsi də daxil olmaqla aidiyyəti dövlət orqanlarının rəhbərliyinin təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış, onun fəaliyyəti səmərəli təşkil edilmiş, bu istiqamətdə qarşıda duran vəzifələr konkretləşdirilmiş, 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər, milli səviyyədə DİM-ə nail olunmasına dair icra və hesabatlıq mexanizmi müəyyən edilmiş, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalar DİM ilə uzlaşdırılmışdır.

Sözügedən Fərmandan irəli gələn tapşırıqlar ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların başlıca istiqamətləri üzrə təkanverici rol oynayır. Bu baxımdan DİM üzrə əldə ediləcək nailiyyətlərin mütəmadi izlənilməsi, məlumatların müasir texnoloji vasitələrlə daha effektiv üsullarla kütləvi şəkildə istifadəçilərə çatdırılması informasiya yayımının müasir tələblər səviyyəsində təşkilinə zəmin yaradır. Bu kontekstdə statistik potensialın gücləndirilməsi əsas vəzifələrdəndir.

Belə ki, qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” hazırlanarkən onun müvafiq bəndləri DİM ilə tam uzlaşdırılmış və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

“Gündəlik-2030”un milli səviyyədə icra vəziyyəti, məqsəd və hədəflər üzrə əldə olunacaq irəliləyiş barədə ictimaiyyətin məlumatlandırılması üçün effektiv kommunikasiya vasitəsi kimi ölkələrdə onlayn hesabatlıq platformalarının yaradılması BMT-nin Avropa İqtisadi Komissiyasının DİM üzrə yol xəritəsində vacib tədbir kimi öz əksini tapmışdır. Bu baxımdan DİM-ə nail olunması ilə əlaqədar statistik məlumatların, habelə ölkə üzrə hazırlanmış hesabatların geniş kütləyə açıqlanması milli statistik məlumat bazası və internet portalın yaradılmasını qaçılmaz etmişdir.

Mövcud zərurətdən irəli gələrək DİM barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatların geniş kütləyə çatdırılması, DİM-ə milli səviyyədə nailolma vəziyyətinin monitorinqi və ictimaiyyətin məlumatlandırılması üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi hesabına Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı yaradılmış, Dövlət Statistika Komitəsinin serverində sdg.azstat.org ünvanında yerləşdirilmişdir.

Portal vasitəsi ilə DİM üzrə məlumatların mətn, ayrı-ayrı qrafik təsvir, cədvəl və video vasitəsilə yayımı həyata keçiriləcəkdir. Statistik məlumatların daha yaxşı mənimsənilməsi və qavranılması üçün onları xeyli dərəcədə asan, əyani və anlamlı edən qrafik və diaqramlar vasitəsilə vizuallaşdırmaq, müxtəlif illər üzrə bir neçə göstəricini müqayisə etmək, habelə dəyişmə dinamikasını təsvir etmək mümkündür.

Portal vasitəsi ilə hər bir məqsəd, hədəf və onlara dair göstəricilər barədə ətraflı məlumatlara rahat çıxış imkanı təmin ediləcəkdir. Bu informasiya resursundan istifadə etməklə qlobal məqsəd, hədəf və göstəricilər, DİM üzrə milli prioritetlər, mövcud hüquqi çərçivə, icra mexanizmləri, sosial, iqtisadi və ekoloji sahələrdə həyata keçirilən dövlət proqramları, strategiyalar, mühüm tədbirlər, hesabatlar, nəşrlər və elmi tədqiqat işləri ilə mütəmadi tanış olmaq mümkündür.

Azərbaycan və ingilis dillərində olan vahid milli onlayn məlumat mənbəyi DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin, o cümlədən dövlət qurumları, özəl sektor, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, regional və beynəlxalq təşkilatların məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradacaqdır.