Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 2. Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək

Ərzaq məhsullarının necə yetişdirdiyimizi, paylaşdığımızı və istehlak etdiyimizi yenidən düşünmək vaxtıdır. Düzgün şəkildə həyata keçirildiyi təqdirdə,  kənd təsərrüfatı, meşəçilik və balıqçılıq insanların yaşayışının yaxşılaşmasına yönələn aqrar inkişafa  və ətraf mühitin qorunmasına dəstək verməklə, hər kəs üçün qidalı ərzaq təmin edə və layiqli gəlir yarada bilər.

Hal-hazırda torpaqlar, şirin sular, okeanlar, meşələr və bioloji müxtəliflik sürətlə azalır. İqlim dəyişikliyi bizim asılı olduğumuz resurslara, quraqlıq və daşqınlar kimi təbii fəlakətlərlə əlaqəli risklərin artımına daha çox təzyiq göstərir. Kənd yerlərində yaşayan bir çox qadınlar və kişilər öz torpaqlarında çətinliklə dolanırlar, bu da onları fürsətlər axtarmaq üçün şəhərlərə köçməyə məcbur edir.

Bu gün aclıqdan əziyyət çəkən 795 milyon nəfər insanı  və 2050-ci ilə qədər aclıqdan əziyyət çəkən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sisteminin əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac vardır.

Ərzaq və kənd təsərrüfatı sektoru inkişaf üçün əsas həll yollarını təmin edir və aclıq və yoxsulluğun aradan qaldırılmasında mərkəzi rol oynayır.

 

Mənbə: United Nations, www.un.org/sustainabledevelopment/hunger/



  • 2.1. 2030-cu ilədək, aclığa son qoymaq və hamının, xüsusən də yoxsulların və aztəminatlı insanların, o cümlədən körpələrin il boyu təhlükəsiz, qidalandırıcı və kifayət qədər ərzağa çıxış imkanını təmin etmək.
  • 2.2. 2030-cu ilədək, bütün pis qidalanma hallarına son qoymaq, o cümlədən, 2025-ci ilədək, 5 yaşadək olan uşaqlarda inkişafdan qalma (bəstəboyluq) və arıqlıq halları ilə bağlı beynəlxalq səviyyədə razılaşdırılmış hədəflərə çatmaq və yeniyetmə qızların, hamilə və ya uşağına süd verən qadınların və yaşlı insanların qidalanma ilə bağlı ehtiyaclarını təmin etmək.
  • 2.3. 2030-cu ilədək, kənd təsərrüfatında məhsuldarlığı və başqa yollarla yanaşı torpağa, digər istehsal resurslarına və yatırımlara, biliklərə, maliyyə xidmətlərinə, bazarlara və əlavə dəyər və kənd təsərrüfatı ilə bağlı olmayan məşğulluq üçün imkanlara təhlükəsiz və bərabər çıxışla kiçik ərzaq istehsalçılarının, xüsusilə də qadınların, yerli xalqların, ailə kənd təsərrüfatlarının, fermer-maldarların və balıqçıların gəlirlərini ikiqat artırmaq.
  • 2.4. 2030-cu ilədək, dayanıqlı ərzaq istehsalı sistemlərini təmin etmək və məhsuldarlığı və istehsalı artıran, ekosistemlərin saxlanmasına kömək edən, iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və digər təbii fəlakətlərə uyğunlaşma üçün potensialı gücləndirən və yerin və torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrini tətbiq etmək.
  • 2.5. 2030-cu ilədək, başqa üsullarla yanaşı, milli, regional və beynəlxalq səviyyələrdə düzgün idarə olunan və şaxələndirilmiş toxum və bitki bankı vasitəsilə, toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhliləşdirilən heyvanların və onlarla bağlı yabanı növlərin genetik müxtəlifliyini qorumaq və beynəlxalq səviyyədə razılaşdırılmaqla genetik resurslardan və bununla bağlı ənənəvi biliklərdən istifadə nəticəsində meydana çıxan faydalardan yararlanmanı və onların ədalətli və bərabər şəkildə bölüşülməsini təmin etmək.
  • 2.a. İnkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə kənd təsərrüfatındakı istehsal potensialını artırmaq məqsədilə, başqa üsullarla yanaşı beynəlxalq əməkdaşlığı gücləndirməklə, kənd infrastrukturuna, kənd təsərrüfatında tədqiqat və genişləndirmə xidmətlərinə, texnologiyaların inkişaf etdirilməsinə və bitki və mal-qara banklarına yatırımı artırmaq.
  • 2.b. Doha İnkişaf Raundunun mandatına uyğun olaraq, başqa yollarla yanaşı kənd təsərrüfatında ixrac subsidiyalarını və eyni təsirə malik olan bütün ixrac tədbirlərini paralel şəkildə aradan qaldırmaqla, dünya kənd təsərrüfatı bazarlarında ticarətə qarşı məhdudiyyətləri və yanlışlıqları düzəltmək və onların qarşısını almaq.
  • 2.c. Ərzağın qiymətində kəskin dəyişkənlikləri məhdudlaşdırmağa kömək etmək məqsədilə, ərzaq malları bazarlarının və onlardan törəmə müəssisələrin düzgün şəkildə fəaliyyət göstərməsini təmin etmək və bazara, o cümlədən ərzaq ehtiyatlarına dair informasiyaya vaxtlı-vaxtında çıxış imkanına kömək etmək.
  • 2.1.1 Yetərincə qidalanmamanın yayılma səviyyəsi
  • 2.1.2 Əhalinin ərzaq təhlükəsizliyinin olmamasının kəskin və ya mülayim səviyyəsi (“Ərzaq təhlükəsizliyinin təminatı şkalası” üzrə)
  • 2.2.1 Beş yaşadək uşaqlar arasında boyatmanın ləngiməsinin yayılma səviyyəsi (uşağın yaşına görə boyunun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqların Böyümə Standartlarının median göstəricisindən <-2 standart kənarlaşması)
  • 2.2.2 Beş yaşadək uşaqlar arasında düzgün qidalanmamanın yayılma səviyyəsi (uşağın boya görə çəkisinin ÜST-ün müəyyən etdiyi Uşaqların Böyümə Standartlarının median göstəricisindən >+2 və ya <-2 standart kənarlaşması), çəki azlığı və çəki artıqlığı üzrə bölgüdə
  • 2.2.3 15-49 yaşda olan qadınlar arasında anemiyanın yayılma səviyyəsi, hamiləlik vəziyyətinə görə, faizlə
  • 2.3.1 İstehsal vahidinə düşən istehsalın həcmi, fermer təsərrüfatı/ heyvandarlıq/ meşə təsərrüfatı müəssisələrinin ölçüsünə dair təsnifat üzrə bölgüdə.
  • 2.3.2 Ərzaq məhsulları istehsal edən kiçik istehsalçıların orta gəliri, cins və yerli xalqlara mənsubluq statusu üzrə bölgüdə
  • 2.4.1 Məhsuldar və dayanıqlı kənd təsərrüfatında istifadə edilən kənd təsərrüfatı torpaqlarının xüsusi çəkisi
  • 2.5.1 Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üçün nəzərdə tutulan (a) bitki və (b) heyvan mənşəli genetik ehtiyatların orta və ya uzunmüddətli xüsusi saxlama obyektlərində miqdarı
  • 2.5.2 Məhv olmaq təhlükəsi olanlar kimi təsnifləşdirilmiş heyvan cinslərin xüsusi çəkisi
  • 2.a.1 Dövlət xərclərinin kənd təsərrüfatına istiqamətləndirilmə indeksi
  • 2.a.2 Kənd təsərrüfatı sektoruna rəsmi vəsaitlərin ümumi axını (inkişaf üçün rəsmi yardım üstə gəl digər rəsmi vəsait axınları)
  • 2.b.1 Kənd təsərrüfatı məhsullarının ixracının subsidiyalaşdırılması
  • 2.c.1 Ərzaq qiymətlərinin anomaliyaları göstəricisi