Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlar
Məqsəd 9. Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.

İnfrastruktura, o cümlədən nəqliyyat, suvarma, enerji və informasiya və kommunikasiya texnologiyaları infrastrukturuna  investisiya qoyuluşları bir çox ölkələrdə dayanıqlı inkişafa nail olmaq və icmaları səlahiyyətləndirmək üçün vacibdir. Uzun müddətdir təsdiq olunur ki, məhsuldarlıq və gəlirlərin artması, səhiyyə və təhsil nəticələrinin yaxşılaşdırılması üçün infrastruktura investisiya qoyuluşu tələb olunur. İnklüziv və dayanıqlı sənaye inkişafı gəlirlərin yaranmasının əsas mənbəyidir, bütün insanların həyat səviyyəsinin sürətlə və davamlı artmasına imkan verir və ekoloji təmiz sənayeləşmə üçün texnoloji həllər təqdim edir. Texnoloji irəliləyiş artan resurs və enerji səmərəliliyi kimi ekoloji məqsədlərə nail olmaq üçün göstərilən səylərin təməlidir. Texnologiya və innovasiya olmadan sənayeləşmə baş verməyəcək və sənayeləşmə olmadan inkişaf ola bilməz.


 Mənbə: BMT, www.un.org/sustainabledevelopment/infrastructure-industrialization/


  • 9.1. Hamı üçün əlçatan və bərabər çıxış imkanına diqqət yetirməklə, iqtisadi inkişafa və insan rifahına dəstək göstərmək məqsədilə, keyfiyyətli, etibarlı, dayanıqlı və möhkəm infrastrukturu, o cümlədən regional və transsərhəd infrastrukturu inkişaf etdirmək.
  • 9.2. İnklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və 2030-cu ilədək, milli şəraitlərə uyğun olaraq məşğulluqda və ümumi daxili məhsulda sənayenin payını xeyli yüksəltmək.
  • 9.3. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə kiçik ölçülü sənaye və digər müəssisələrin maliyyə xidmətlərinə, o cümlədən əlçatan şəkildə kreditlərə çıxış imkanını artırmaq və onların dəyər şəbəkələrinə və bazarlara inteqrasiyası.
  • 9.4. 2030-cu ilədək, resurslardan səmərəli istifadəni artırmaqla və təmiz və ekoloji baxımdan uyğun texnologiyaları daha geniş şəkildə qəbul etməklə, öz müvafiq imkanlarına uyğun tədbir görən bütün ölkələrlə, infrastrukturu yeniləmək və dayanıqlı etmək üçün sənayeləri müasirləşdirmək.
  • 9.5. Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatları genişləndirmək, sənaye sektorlarında texniki imkanları artırmaq, o cümlədən, 2030-cu ilədək, innovasiyaların həvəsləndirilməsi və hər 1 milyon insana nisbətdə tədqiqat və inkişafla məşğul olanların sayının və dövlət və özəl tədqiqat və inkişaf məsrəflərinin əhəmiyyətli şəkildə artırılması.
  • 9.a. Afrika ölkələrinə, ən zəif inkişaf etmiş ölkələrə, dənizə çıxışı olmayan ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə maliyyə, texnoloji və texniki dəstəyi artırmaqla inkişaf etməkdə olan ölkələrdə dayanıqlı və möhkəm infrastrukturun qurulmasına kömək etmək.
  • 9.b. Digər vasitələrlə yanaşı sənayedə şaxələndirmə və mallara əlavə dəyər vermək üçün əlverişli siyasət mühitini təmin etməklə, inkişaf etməkdə olan ölkələrin daxilində texnologiyaların inkişafına, tədqiqatlara və innovasiyalara dəstək göstərmək.
  • 9.c. 2020-ci ilədək ən zəif inkişaf etmiş ölkələrdə informasiya və kommunikasiya texnologiyalarının əldə edilməsi, imkanların əhəmiyyətli dərəcədə genişləndirilməsi, habelə internetə ümumi və hamı üçün əlçatan çıxış imkanlarını təmin etmək.
  • 9.1.1 İlboyu istifadə olunan yoldan 2 km-dək məsafədə yaşayan kənd əhalisinin xüsusi çəkisi
  • 9.1.2 Sərnişin və yük daşımalarının həcmi, nəqliyyat növləri üzrə bölgüdə
  • 9.2.1 Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər nəfərinə düşən məbləği
  • 9.2.2 Emal sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi
  • 9.3.1 Sənayenin ümumi əlavə dəyərində kiçik müəssisələrin xüsusi çəkisi
  • 9.3.2 Krediti və ya kredit xətti olan kiçik müəssisələrin xüsusi çəkisi
  • 9.4.1 Əlavə dəyər vahidinə düşən karbon qazı (CO2) tullantıları
  • 9.5.1 Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi
  • 9.5.2 Əhalinin hər bir milyon nəfərinə düşən tədqiqatçıların sayı (tam məşğulluq ekvivalentində)
  • 9.a.1 İnfrastruktura yönəldilmiş rəsmi beynəlxalq yardımın (inkişaf üçün rəsmi yardım və digər rəsmi axınlar) məcmu həcmi
  • 9.b.1 Orta və yüksək texnoloji sənayenin əlavə dəyərinin ümumi əlavə dəyərdə xüsusi çəkisi
  • 9.c.1 Mobil şəbəkə ilə əhatə edilən əhalinin xüsusi çəkisi, texnologiyalar üzrə bölgüdə