Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Göstərici 5.c.1 Gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsinə yönəldilən dövlət xərclərinə nəzarət və məlumatların ictimailəşdirilməsi mexanizmlərinin mövcudluğu

Bu göstərici əsasında dünya ölkələri gender bərabərliyi uğunda mübarizə və qadınlarının hüquq və imkanlarının genişləndirilməsi (GEWE) sahəsindəki nailiyyətlərə görə təsnifatlaşdırılır və onlar 3 qrupa bölünür: tələblərə cavab verən ölkələr; tələblərə riayət olunmasına yaxınlaşan ölkələr; tələblərə cavab verməyən  ölkələr. Təsnifatlaşdırma 3 meyar (bölmə) üzrə GEWE sahəsində normativ-hüquqi aktların, dövlət proqramlarının, strategiyalarının, fəaliyyət planlarının və s. mövcudluğu, dövlət maliyyə idarəetmə sisteminin GEWE ilə bağlı məqsədlərə nail olunmasına dəstəyi, GEWE üzrə ayrılan vəsaitlərə dair məlumatların yayımlanması ilə əlaqəli 13 binar sualın (“hə” və ya “yox” cavab variantlarından birinin seçildiyi) əhatə olunduğu sorğu vərəqi əsasında aparılır[1]. Təsnifatlaşdırma məqsədilə, 1-ci və 3-cü meyarların hər biri üzrə azı 2 suala, 2-ci meyar üzrə azı 4 suala “hə” cavabının verilməsi limiti müəyyənləşdirilmişdir və hər 3 meyar üzrə limiti keçən ölkələr “tələblərə tam cavab verən ölkələr” qrupuna, 1 və ya 2 meyar üzrə limiti keçən ölkələr “tələblərə riayət olunmasına yaxınlaşan ölkələr” qrupuna, hər hansı bir meyar üzrə limiti keçməyən ölkələr isə “tələblərə cavab verməyən ölkələr” qrupuna aid edilir. Təsnifatlaşdırmanın hər 3 ildən bir aparılması nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi məlumatlar əsasında aparılmış təsnifatlaşdırmanın nəticəsinə uyğun olaraq 2024-cü ilin yekunları üzrə Azərbaycan GEWE sahəsindəki nailiyyətlərə görə “tələblərə riayət olunmasına yaxınlaşan ölkələr” qrupuna aid olunur. 

Ölkəmizdə GEWE sahəsində qanunvericilik sistemi (“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları və s.) formalaşdırılmışdır, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olunmuş və bu sənədlərə uyğun olaraq dövlət vəsaiti hesabına GEWE ilə əlaqəli olan tədbirlər icra edilmişdir (və ya icrası nəzərdə tutulur) və s. Bunlar nəzərə alınmaqla sorğu vərəqi üzrə müvafiq suallara “hə” cavabı verilmişdir. “Əsas siyasət və proqramlar üzrə büdcə ilə bağlı qərarların formalaşmasında cinsə görə dezaqreqasiya olunmuş statistik məlumatlardan informasiya mənbəyi kimi istifadə olunurmu”, “GEWE ilə əlaqəli ayrılan vəsaitlər ictimaiyyətə açıqlanırmı” və digər suallar üzrə isə “yox” cavabı seçilmişdir.

2021-ci ilin yekunlarına əsasən Albaniya, Avstriya, Belçika, Boliviya, Ukrayna, Pakistan, Hindistan, İslandiya  və s. ölkələr “tələblərə cavab verən ölkələr” qrupuna, Almaniya, İtaliya, İsveçrə, İspaniya, Niderland, Yunanıstan, Gürcüstan, Özbəkistan və s. ölkələr “tələblərə riayət olunmasına yaxınlaşan ölkələr” qrupuna daxil edilmişlər[2].



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşğıdakı cədvəldə göstərici üzrə statistik metod və qaydalara dair əlavə şərhedici məlumatlar əks olunmuşdur.
Göstərici 5.c.1 Gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsinə yönəldilən dövlət xərclərinə nəzarət və bununla bağlı məlumatların  ictimailəşdirilməsi mexanizmləri olan ölkələrin xüsusi çəkisi
Aid olduğu hədəf 5.c. Gender bərabərliyinin təşviq olunması və bütün səviyyələrdə bütün qadınların və qızların səlahiyyətlərinin genişləndirilməsi üzrə güclü siyasətlər və qanunvericilik qəbul etmək və onları gücləndirmək
Aid olduğu səviyyə I səviyyə
Himayədar qurum(lar)

UN Women,

OECD,

UNDP
Qlobal metaməlumata keçid https://unstats.un.org/sdgs/metadata/files/Metadata-05-0c-01.pdf
E-stolüstü kitaba keçid https://unstats.un.org/wiki/display/SDGeHandbook/Indicator+5.c.1