Bu qanun Azərbaycan Respublikasında rəsmi
statistika sahəsində hüquqi münasibətləri tənzimləyir, dövlət statistika
orqanlarının səlahiyyət və funksiyalarını müəyyən edir. Qanun Azərbaycan
Respublikasının icra hakimiyyəti orqanlarına, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq hüquqi şəxslərə (onların nümayəndəlik və
filiallarına), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan
Respublikasının hüquqi şəxslərinə və Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərinə, filiallarına, həmçinin Azərbaycan
Respublikasının vətəndaşlarına və fiziki şəxslərinə şamil
edilir. Rəsmi statistika ölkə üzrə iqtisadi, demoqrafik,
sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli
(reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarını, sosial və iqtisadi
subyektləri, elmi dairələri, geniş ictimaiyyəti, beynəlxalq təşkilatları və digər
istehlakçıları təmin edir.