Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun
olaraq, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və
inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və
elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq
və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin
stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən
edir. Bu Qanun ölkənin siyasi, iqtisadi, sosial və mədəni
inkişafının təmin edilməsi, hər bir Azərbaycan Respublikası vətəndaşının
rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və
dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin
aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.