2000-ci ildə əhalisinin 49,0 faizi yoxsulluq vəziyyətində yaşayan Azərbaycan Minilliyin Bəyannaməsinə qoşulmaqla, “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu icrası ilə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə etmişdir.
Danılmaz həqiqətdir ki, 2015-ci ildə yalnız əhalisinin 4,9 faizi milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan respublikamız BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuş, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” dən (bundan sonra - “Gündəlik-2030”) irəli gələn vəzifələrin icrasına başlamışdır. Dünya birliyinin qəbul etdiyi bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Gündəlik-2030” cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcıdır. “Heç kimin kənarda qalmaması” prinsipinə söykənən bu gündəliyin milli səviyyədə icrası Azərbaycanda da kompleks islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Sözügedən gündəlikdə əks olunmuş qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür. Cənab Prezident İlham Əliyev “...Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük.” sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliymizin əsas prioritetlərini müəyyən edir.
Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanına əsasən, Azərbaycan üçün əhəmiyyət kəsb edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verir.
Belə ki, “Gündəlik-2030”dan irəli gələn milli öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə ölkə başçısının müvafiq Fərmanı ilə Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış, milli səviyyədə DİM-ə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur.
“Gündəlik-2030”un milli səviyyədə icrası ilə bağlı Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi, müvafiq statistik məlumat bazasının hazırlanması və yayımı, ölkənin dayanıqlı inkişaf vəziyyətini xarakterizə edən statistik göstəricilər əsasında kompleks təhlillərin aparılması, habelə dayanıqlı inkişaf statistikasının təşkili və həyata keçirilməsi sahəsində fəaliyyətin təmin edilməsi üçün Dövlət Statistika Komitəsi aparatının strukturunda Dayanıqlı inkişaf statistikası şöbəsi yaradılmışdır.