Milli Əlaqələndirmə Şurası

“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” dən irəli gələn öhdəliklərin milli səviyyədə yerinə yetirilməsi üçün dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat, Mədəniyyət, Xarici İşlər, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, Kənd Təsərrüfatı və Ədliyyə nazirlikləri,  Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin təmsil olunduğu Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış, milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur.

 

Belə ki, ölkə rəhbərinin tapşırığına əsasən Şura tərəfindən 2030-cu ilədək qlobal məqsəd və hədəflər üzrə Azərbaycan üçün əhəmiyyət kəsb edən milli prioritetlər və onlara dair göstəricilər müəyyən edilmiş, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması təmin edilmişdir.

 

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər, Şuranın müraciəti əsasında ildə bir dəfə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, görülən işlər barədə hesabatın isə Şuraya təqdim edilməsini təmin etməlir.


Formalaşmış mexanizmə uyğun olaraq Könüllü Milli Hesabatın Yüksək Səviyyəli Siyasi Foruma və DİM-ə nail olunması üzrə görülmüş tədbirlər barədə müvafiq hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Şura tərəfindən təmin edilir.


 

Sözügedən Fərmanla Şuranın fəaliyyətinin təmin edilməsi üçün müvafiq Katibliyin yaradılması və onun funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Belə ki, Nazirlik tərəfindən Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədilə i) iqtisadi inkişaf və layiqli məşğulluq, ii) sosial, iii) ekoloji məsələlər və iv) monitorinq və qiymətləndirmə istiqamətləri üzrə dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət İşçi qrupları formalaşdırılmışdır.