Azərbaycan - 2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru
26.11.2017
Dünya dəyişir, yeni bir gələcəyə doğru gedirik. Elmi-texniki tərəqqinin və qloballaşmanın intensivləşməsi və cəmiyyət həyatının bütün sahələrində inqilabi dəyişikliklərə səbəb olması müşahidə olunur. Bu gedişat obyektiv xarakter daşıyır və bizim buna hazır olub-olmamağımızdan asılı deyildir. Dünənə qədər fantastika hesab etdiklərimiz gerçəkliyə çevrilir və bu proses getdikcə daha da sürətlənir. Təbii ki, dünyada baş verən hər bir dəyişiklik, o cümlədən meydana gələn hər bir yenilik özü ilə bərabər yeni çağırışlar da doğurur.
Nəticədə qlobal imkanlarla yanaşı, çağırışlar da artır. Belə şəraitdə insanlar, ölkələr, hökumətlər və beynəlxalq təsisatlar zamanın çağırışlarına vaxtında cavab vermək və yaranan yeni imkanlardan yararlanmaqla dünyamızı daha da inkişaf etdirmək üçün birgə fəaliyyətə məcburdurlar. Belə bir məntiqdən çıxış edərək, Azərbaycan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak edir. Bu iştirak ən yaxşı praktiki və innovativ ideyalarla tanış olmaq və onları paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir və son 15 ildə Azərbaycanda Minilliyin İnkişafı Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib məqamlardan biri olmuşdur.
2000-ci ildə Minilliyin Bəyannaməsinə qoşulmuş ölkəmizdə MİM-lərə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” (YAİİDP), “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) və bir sıra digər dəstəkləyici proqramlar və siyasət sənədləri qəbul edilmiş və uğurla icra olunmuşdur. Nəticədə Azərbaycan MİM-lər üzrə bir çox hədəflər, xüsusilə yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyi və ətraf mühitin qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması, uşaq və ana ölümü hallarının azaldılması, təhlükəli yoluxucu və digər xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi və tərəqqi naminə qlobal tərəfdaşlıqda iştirakın genişləndirilməsi üzrə mühüm nailiyyətlər əldə etmişdir.
Ən mühüm nəticə kimi, ölkədə ifrat yoxsulluğun ləğv edilməsi və 2001-ci ildə 49% təşkil edən mütləq yoxsulluq səviyyəsinin 2015-ci ildə 4,9%-ə qədər azaldılmasını göstərmək olar.
Hesabatı yüklə