Dövlət Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilib.

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində seminar öz işinə başlayıb.

Tematik seminarda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri də iştirak edirlər.

Açılış nitiqi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov bildirib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, yeni vəzifələr baxımından statistik məlumat istehsalçıları üçün çox ciddi çağırışdır. Bu göstəricilərə dair məlumatların kəmiyyət və keyfiyyətinin qlobal gündəliyin tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə, statistika potensialının gücləndirilməsi üçün resurslar səfərbər edilməli və səylər əlaqələndirilməlidir. Bu, beynəlxalq təcrübə mübadiləsinin aparılması və həyata keçirilən təşəbbüslərin dəyərləndirilməsini ön plana çəkir.Bu mənada DİM-ə nail olunmasının monitorinqinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi baxımından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ərsəyə gələn bu seminar vacib əhəmiyyətə malikdir.

Daha ətraflı>>>