22-24 oktyabr 2018-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə İkinci Ümumdünya Məlumat Forumu keçirilib. Forumda ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İkinci Ümumdünya Məlumat Forumunun keçirilməsinin əsas məqsədi statistik istehsal proseslərinin idarə edilməsində innovativ yanaşmalara dair bilik və təcrübə mübadiləsinin təmin edilməsi, statistika potensialının artırılması məqsədilə bütün maraqlı tərəflər arasında konstruktiv dialoqun inkişafı və ölkələrin qlobal çağırışlara adekvat reaksiyasının nümayiş etdirilməsi məsələlərinin müzakirə edilməsindən ibarətdir. Milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi birliklərin, qeyri-dövlət tədqiqat təşkilatlarının 1000-dən çox nümayəndəsinin qatıldığı beynəlxalq tədbirdə iştirakçılar plenar iclaslarda, innovasiya laboratoriyalarında, məlumat paylaşma sahələrində fəal iştirak edərək öz qabaqcıl təcrübələrini bölüşəcəklər. Üç gün davam edən forumun proqramı geniş mövzulardan ibarət altı əsas tematik sahə ətrafında təşkil edilib.
Daha ətraflı>>>