Bakıda “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə Bakıda hökumət və qeyri-hökumət qurumlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin 2030-Dayanıqlı İnkişaf Gündəliyinin önəmini, həmin Gündəliyin dünyada mövcud olan problemlərin, həmçinin yoxsulluq probleminin həllinə  doğru qlobal siyasi qətiyyəti əks etdirdiyini  diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərini qeyd edib. Bildirib ki, Dayanıqlı İnkişaf Gündəliyindəki məqsədlərə nail olunması sahəsində ölkəmizdə  məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans da BƏT-in Baş direktoru Qay Rayderin iştirakı ilə Bakıda keçirilib.

Ölkəmizin əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edən nazir müavini bildirib ki, 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə olmuş Azərbaycan aparılan uğurlu islahatlar nəticəsində bu gün həmin hesabatda  25-ci yerdədir və ən islahatçı 10 ölkə sırasındadır. Eyni zamanda, Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Azərbaycan inkişaf edən ölkələr arasında üçüncü yeri tutur.

M.Kərimli Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədlərinin əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi olduğunu bildirib. O, nazirliyin tabeliyində yaradılan DOST Agentliyinin əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında xüsusi önəmini qeyd edib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi  ilə  təqdim olunmasına imkan verib.

Nazir müavini Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin davamı kimi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi istiqamətində cari ildə inqilabi addımlar atıldığını diqqətə çatdırıb. O, dövlət başçısı tərəfindən 2019-cu ilin ötən dövründə təqdim olunan iki sosial islahat paketin əməkhaqları və pensiyaların, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasına, fiziki şəxslərin problemli kreditlərlə bağlı narahatlığına son qoyulmasına imkan verdiyini deyib. Bu iki sosial paketin 4 milyon 200 min vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb.  

M.Kərimli əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron xidmətlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan işlər,  “e-sosial” internet, nazirliyin fəaliyyət sahələri üzrə yaradılmış alt-sistemləri qeyd edib. Həmçinin aktiv əmək bazarı proqramlarının, özünüməşğulluq proqramının əhəmiyyətli şəkildə genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Gələn həftə ölkəmiizn dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatını təqdim edəcəyini bildirən nazir müavini Dayanıqlı İnkişaf Məqsədlərinin  icrasında  aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən BƏT-lə geniş əməkdaşlıq gündəliyindən, birgə icra olunan layihələrdən, BƏT-lə imzalanmış 2016-2020-ci illər üzrə Layiqli Əmək Ölkə Proqramı çərçivəsində görülən işlərdən bəhs edib. BƏT-in Baş direktoru Qay Rayderin “Əməyin gələcəyi” təşəbbüsünə ölkəmiz tərəfindən fəal dəstək verildiyini deyib. Bildirib ki, Azərbaycanın BƏT-in İdarə Heyətinə üzv seçilməsi ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin daha bir təzahürü olub.

Nazir müavini hazırda keçirilən bu konfransın da sosial müdafiə və dayanıqlı inkişaf mövzusunda müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.

Konfransın açılışında həmçinin  AHİK sədrinin müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin mütəxəssisi Vesna Dzuteska Bişeva, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin sosial müdafiə üzrə mütəxəssisi Jasmina Papa çıxış ediblər.

İki gün davam edəcək konfransın gündəliyinə “Dayanıqlı inkişaf və sosial müdafiə”, “Sosial müdafiədə əməyin rolu”, “Sosial müdafiə üzrə investisiya: təsirlər, faydalar, dəstəkçilər”, “Qayğı xidmətlərinin inteqrasiyası”, “Sosial müdafiə üzrə informasiya idarəetmə sistemləri”, “Universal sosial müdafiə vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının monitorinqi”, “Sosial təminat standartlarının təşviqi və sosial müdafiə sahəsində İqtisadi və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın rolu” mövzularında sessiyaların keçirilməsi daxildir. Sessiyalar zamanı yerli və beynəlxalq ekspertlər tərəfindən müvafiq mövzularda məruzə və təqdimatlar ediləcək, mövzular üzrə müzakirələr aparılacaq.