Dövlət Statistika Komitəsində Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib


2024-cü il mayın 6-da Dövlət Statistika Komitəsində Laos Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) statistikasının təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov nümayəndə heyətini salamlayaraq DİM statistikasının təşkili ilə əlaqədar ölkədə aparılan işlər, əldə olunmuş nailiyyətlər, bu sahədə rast gəlinən çətinliklər və s. haqqında ümumi məlumat verib. Eyni zamanda, Dövlət Statistika Komitəsinin statistikanın bütün sahələri, o cümlədən də dayanıqlı inkişaf statistikası sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin müdiri Daovi Vonqxay görüşün təşkilinə görə təşəkkürünü bildirib və DİM statistikası sahəsində Azərbaycan təcrübəsi ilə tanışlığın onlar üçün faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Laos Xalq Demokratik Respublikasının Statistika Bürosunun nümayəndələri tərəfindən DİM statistikası sahəsində görülmüş işlərlə bağlı təqdimatlar edilib, fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.