2026-cı il iyul ayının 24-də Dövlət Statistika Komitəsinin inzibati binasında statistik məlumatların istifadəçiləri ilə “Dayanıqlı inkişaf statistikası və regionlar statistikası sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda görüş keçirilib. Tədbirdə İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Xarici İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikasının Kosmik Agentliyinin, Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.
Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin əməkdaşları “Dayanıqlı inkişaf statistikası sahəsində əldə olunmuş nailiyyətlər”, “Regionlar statistikası sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda təqdimatlarla çıxış edərək iştirakçıları dayanıqlı inkişaf statistikası və regionlar statistikası sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər, həyata keçirilməsi planlaşdırılan tədbirlər və s. məsələlərlə bağlı məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar.